Şıxəli
Qurbanovu müasirlərindən fərqləndirən, heysiyyət və ləyaqət baxımından
çağdaşlarından bir neçə pillə yuxarı qaldıran ümdə bir keyfiyyəti
vardı: O, heç bir üstünlüyü, imtiyazı, maaşı-muzdu olmayan, əksinə,
fədakarlıq və məhrumiyyət tələb edən vətəndaşlıq vəzifəsini daşıdığı
titulların hamısından yüksək tuturdu.
Şıxəli Qurbanov gündəlik fəaliyyətində - çoxsaylı görüşlərdə, yığıncaq
və konfranslarda dövlət adamı kimi yox, millət xadimi kimi çıxış
edirdi. Çünki onun dövləti yox idi, o bu həqiqəti yaşıdlarından xeyli
əvvəl dərk etmişdi. Tale onu axına qarşı getməyə, donuq ehkamları və
əski qəlibləri sındırmağa məhkum etmişdi. O bu məhkumluqda nəsə
tapmışdı.
Mən indi artıq illərin dumanları arxasında qalmış 1967-ci ildə orta
məktəbdə müəllimlik edirdim. Səhv etmirəmsə, martın əvvəlləri idi.
Şəhərə xəbər yayıldı ki, Mərkəzi Komitənin katibi şəhərə gəlib. Bu
xəbər günün günorta çağlarında səmada çaxan şimşək rəqsinin effektini
yaratdı. Hamı Onun gəlişinin təsadüf, sıradan, adi görüş olmadığını
bilirdi. Dram Teatrında partiya-sovet fəallarının yığıncağında O,
şəhər rəhbərliyinə (rəhbərlikdə rus və erməni funksionerlər yetərincə
idi) milli kadrları yüksək vəzifələrə irəli çəkmək barədə
tövsiyələrini verdi. Belə bir göstəriş aşırı və saxta beynəlmiləlçilik
xəstəliyinə tutulanlar üçün gözlənilməz oldu. Alovlu vətənpərvər milli
düşüncə və duyğularını açıq şəkildə dilə gətirirdi. Az sonra böyük
Vətəndaşın təşəbbüsü ilə Novruz bayramı dövlət səviyyəsində qeyd
olundu. Xalq tonqalların işığında özünün tarixi yaddaşına - kökünə,
mənşəyinə, ilkinliyinə və bütövlüyünə qayıtmağa başladı.
1967-ci ilin Novruz tonqalları yalnız küçələri, meydanları yox, həm də
ən başlıcası illərin dözülməz ağırlığı altında sıxılan, boğulan,
mühitin qaranlıqlarına bürünən ürəkləri, beyinləri işığa qərq etdi.
Tonqaldan ayrılan qığılcımlar, çınqıllar xalqda öz gələcəyinə
təminatlı inam, perspektivli ümid yaratdı. Üstəlik Odlar yurdunda
qalanan tonqallar, qara əllərin, qara yellərin söndürdüyü milli şüur
ocaqlarını alovlandırdı. Tarix və milli vicdan müasirliyin divanında
yenidən sınağa çəkildi, dəyərlərin yenidən dəyərləndirilməsi prosesinə
təkan verildi. 2 Xalqın, toplumun millətə çevrilməsi işi yeni sürət və
vüsət götürdü. Lider vaxtın nəbzini tuta bilmişdi. Doğrudur, bu sahədə
ədəbiyyat, illah da ki, onun çevik və operativ janrı olan poeziya
xeyli iş görmüşdü. Ancaq milli özünüdərkin formalaşması məsələsinə
Mərkəzi Komitənin, xüsusilə onun rəhbərlərindən birinin müdaxiləsi o
vaxtın görünməmiş hadisələrindən sayılmalıdır.
Şıxəli Qurbanova qədər Azərbaycanın partiya nomenklaturasında belə bir
cəsur addımı atana, kişilik və ləyaqət səviyyəsində fədakarlıq
göstərən ikinci bir vəzifə sahibinə rast gəlinməmişdi. Millətin
belindən gəlmiş, çoxillik ağrılarından doğulmuş MK katibi, şair,
dramaturq və elmlər doktoru bu addımı ömrü bahasına atmışdı.
Az sonra o, bəzən gizli, bəzən açıq şəkildə təqib olunmağa başladı.
Nömrəsiz maşınlar, mülki geyimli şəxslər Onu nəzarətə götürür, izləyir,
əməlləri sayaq qara adamlar milli fikir öndərini qarabaqara təqib
edirdilər. Onu balaları və ömür-gün yoldaşı ilə sevincini-dərdini
bölüşdüyü, birgə nəfəs aldığı bu dünyadakı mənzilindən ayırıb gedər-gəlməzə
- son mənzilə yola salmağa hazırlaşırdılar. Sonucda da namərd diş
həkiminin əlləri ilə başdan-başa enerji və işıq mənbəyi olan bir
insanın, Vətəndaşın və Millət oğlunun ömrünə nöqtə qoyuldu.
Həmin ilin (1967-ci ilin may ayı) çiçək fəsli bizim üçün faciə mövsümü
ilə əvəzləndi. Ömrümüzün uzaq sahillərində qalmış o ilin hüznlü may
günlərində Şıxəli Qurbanovun həyatının son akkordu olan "Sənsiz" dramı
tamaşaya qoyuldu. Şıxəli itkisindən - sənsizliyindən doğan ağrını xalq
təkrar yaşadı.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...