Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər     Musiqi     Kino     Tanınmışlar     Forum  
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

TANINMIŞLAR

   Mir Mövsüm Ağa

  Mir Mövsüm Ağa imam Əli (ə) nin nəslindəndir.
   Seyidlər, ocaq sahibləri isə ALLAH istənilən diləklərin ünvanına çatdırılmasında binəgüzarlıq edir. Xalq arasında Mir Mövsüm Ağa kimi tanınan Ağa Seyid Əli də Yaradana yaxın sayılan simalardan olub. Tanrı ilə bizə məlum olmayan yollarda bələdçilik edib, biçarələrə çarə qılmaq, xəstələrə şəfa vermək kimi fövqəladə qabiliyyəti Yaradandan alıb. Ağa Seyid Əlinin (Mir Mövsüm Ağa) valideynləri haqda nə respublikanın tarix arxivində, nə də Bakı məscidlərinin qeydiyyat kitablarında məlumat yoxdur. Lakin müasirlərinin dediklərinə görə, atası Mirabutalıb Mövsümzadə və anası Xədicə Mirqasımova Kərbəlada torpağa tapşırılıb. Nəsil haqqında araşdırma aparanlar Ağa Seyid Əli Mirmövsümzadələrin Məhəmməd peyğəmbər (s) nın nəslinə mənsub olduğu iddiasındadırlar. Ağanın soy kökü üçüncü imam Hüseyn (ə) nin atası Xəlifə Əli İbn Abu Talıbın nəsli ilə bağlıdır. VI-VII əsrlərdə Məhəmməd peyğəmbər (s) nın əleydarları tərəfindən təqib olunan imam Həsən (ə) və imam Hüseyn (ə) nin törəmələri Yaxın Şərq ölkələrinə köçüblər. Sonradan isə Ağa Seyid Əli Mir Mövsümzadənin nəsli Azərbaycana köç edib. Mir Mövsümzadələr nəsli İmam Hüseyn (ə) soyunun bir qolu olaraq seyid sayılıblar (belə ki, İmam Hüseyn (ə) nin şəcərəsi seyid, İmam Həsən (ə) nin şəcərəsindən gələnlər isə “şərif” sayılırlar). Tədqiqatlarda göstərilir ki, peyğəmbər nəslindən olan Mir Mövsüm Ağaya həm də, ALLAH-təalanın vergisi qismət olub.
   Seyid uzun illər İçərişəhər Firdovsi küçəsi 3-dəki mənzildə yaşayıb. Sağlığında bu ünvan Mir Mövsüm Ağa ziyarətgahı kimi pənah yeri olub. Ağa Seyid Əli 67 yaşında vəfat edib. Hazırda uyuduğu və ruhunun dolaşdığı qəbirstanlıq da ziyarətgaha çevrilib. Həmin məzarıstanda Ağa ilə yanaşı böyük qardaşının həyat yoldaşı Sara Seyid Musa qızı, onun övladları Hökumə, Gülsüm, Tahirə, Xədicə, kiçik qardaşı Mirkazım Ağa, onun həyat yoldaşı Sitarə xanım, övladları Seyid Əkrəm uyuyur. Əvvəllər qəbrinin üstündə yalnız adı həkk olunmuş başdaşı olub. 1992-ci ildə isə Şüvəlan sakinləri Hacı Nizam, Hacı Şərif və Tahir Quliyevin təşəbbüsü ilə Mir Mövsüm Ağanın uyuduğu torpağın ziyarətgaha çevrilməsi üçün təşəbbüs qrupu yaradılıb. Ziyarətgah əməkdaşının dediyinə görə, tikinti zamanı xüsusi layihə, plan hazırlanmayıb. Qəsəbə sakinləri tərəfindən Almaniyadan qiymətli rəngarəng ayna növləri alınıb. Gümbəz və divarlar üzərində “Allah”, “Mühəmməd”, “Əli” və “Allahu Əkbər” sözləri həkk olunub. Gümbəzin zirvəsində isə “Allahu Əkbər” əks olunmuş qızıl medalyon asılıb. Kişilərin namaz qılmaları üçün məscid tikilib. Həmçinin 8 güşəli, divarları maili hövuz inşa olunub. Ziyarətgahda “Qurbangah” adlanan xüsusi yer var. Ramazan ayı ərzində hər gün iftar süfrəsi açılır. Məhərrəm ayı daxil olmaqla hər gün Ağanın ehsanı olaraq çay verilir. Hər şənbə günü bir internat məktəbinin şagirdləri üçün nahar süfrəsi açılır, nəzirlər hesabına bir neçə internat məktəbinə, qocalar evinə ərzaq yardımı edilir. Ağanın payı kimi 5-dən çox qaçqın və məcburi köçkün ailəsinə hər ay yardım olunur. Təxmini hesablamalara görə, ziyarətgaha hər gün 100-150 zəvvar gəlir. Məhərrəm ayında isə bu rəqəm 500-ü ötür. Bura hətta Rusiya, Almaniya, Türkiyə, ABŞ, Fransadan ziyarətə gəlirlər. Rayonlardan və xarici ölkələrdən gələnlər üçün gecələməyə otaqlar var.
   Ziyarətə gələn İçərişəhər sakini 78 yaşlı Hacı Əzizin dedikləri: “Ağır xəstəliyə tutulmuşdum. Anam məni Ağanın yanına apardı. Əlini başımdan üzümə qədər çəkdi. Sonra təbəssümlə bacısının üzünə baxdı. Bacısı Ağanın yarımçıq qalmış çayını mənə içirtdi. Anam dedi ki, Ağanın əlindən öp. İki gün içərisində sağaldım. Sonralar hər ay Ağanın ziyarətinə getmişəm. Noyabrın 17-də torpağa tapşırıldı. Yas mərasimində 50-60 min adam iştirak edirdi. Hamı Ağaya son borcunu vermək istəyirdi”. Ağanın möcüzələrinin şahidi olan Hacının sözlərinə görə, ateizmin hökm sürdüyü dövrdə Mərkəzi İcraiyyə Komitəsinin sədri Mir Bəşir Qasımovun başına gələnləri və Ağaya pənah gətirdiyini hamı bilirmiş: “Belə nəql edirdilər ki, iclasların birində Mir Mövsüm Ağa haqqında nalayiq sözlər danışan Mir Bəşirin qəfildən səsi tutulub. Bayaqdan gur-gur guruldayan Qasımov xırıldayaraq yerə yıxılıb. Həkimlər əlac edə bilməyəndən sonra Ağanın yanına aparıblar. Ağanın işarəsi ilə bacısı bir tikə çörəyi seyidin yeməyinə batıraraq Mir Bəşirə verib. Həyacandan titrəyən sədr tikəni yeyəndən sonra sakitləşib və səsi açılıb. Amma Stalin Ağanı bütün bəlalardan qoruyub. O boyda rəhbər Mir Mövsüm Ağaya çox inanırmış”. Daha bir hadisə isə Ağa haqqında yazılmış xatirələrdədir: “Seyidin evinə gələrək əşyaları siyahıya alınıb. Baxmayaraq ki, bütün nəzirlərdən vergi ödənilirmiş. Sovetlərin fikrincə, Ağa insanlara hökumətə deyil, Allaha tabe olmağı təbliğ edib. Əmlakı “ZİS-5” markalı maşına yükləyiblər. Lakin maşının motoru qəfildən sönüb. Təmir işləri aparılsa da, maşın yola düşməyib. Əşyalar geri qaytarılmayanadək heç kim maşını sürməyə cəsarət etməyib”. “1943-cü ildə Ağanın yanına üç rus gəlib və müsəlmanlığı qəbul edib. Məlum olub ki, bütün ekipaj məhv olub. Lakin Ağaya nəzir demiş bu üç nəfərdən başqa. Sürünə-sürünə seyidin hüzuruna gələn ruslar sağ qaldıqları üçün Ağaya nəzir gətiriblər”. Uşaqlıqdan dili tutulmuş yeddi yaşlı oğlanın Ağanın yanında dili açılıb və həmin uşaq dünyasını dəyişənənədək hər həftənin cümə günü Mir Mövsüm Ağanın ziyarətinə gəlib.
   Ağanın şəfa verən möcüzələri yüzlərlə olub. 115 ildən artıqdır davam edən nur yəqin ki, hələ neçə əsrlər ziyarətgahı tərk etməyəcək.
   1883-cü ildə dünyaya gələn Seyid Mir Talib Ağanın oğlu Seyidəli fiziki cəhətdən zəif olsa da, hələ kiçik yaşlarından həm ailə üzvləri, həm də qohumları onda qeyri-adilik hiss edirdilər. O, hamıdan fərqlənirdi. Yaşına uyğun olmayan bacarıqların Seyidəlidə müşahidə edilməsi ailə üzvlərini təəccübləndirirdi. O, başı ağrıyan adama əlini çəkən kimi, həmin şəxsin bütün ağrıları keçirmiş. Seyidəlinin cəddinin gücünə, qüdrətinə görə ona Mir Mövsüm Ağa deyə müraciət edirdilər.
   Mir Mövsüm Ağa nə danışa, nə də gəzə bilirdi. Amma qohumları bunun əksini deyərək onun hər iki qabiliyyətinin olduğunu ərz edirlər. Lakin Ağanın dediklərini yalnız əzizləri başa düşdüyündən el içərisində belə şayiələr gəzir. Ağanın bacısı nəvəsi 10 il onunla bir evdə yaşayan Hacı Rüfət Mahmudovun bildirdiyinə görə, Ağa təhsil ala bilməmişdi, yazıb-oxumağı da bacarmırdı. “Qurani-Kərim”i və duaları da öyrənməmişdi. Bununla belə, o, üzünü göyə tutar, əllərini bacardığı qədər qaldıraraq güclə eşidiləcək səslə deyərdi: “Allah, sənə qurban olum”.
O, həqiqətən də Tanrı tərəfindən seçilən və sevilən insanlardan idi. Qapısına gələn və ondan kömək diləyənləri heç vaxt ümidsiz qaytarmırdı. Ağanın adına deyilən nəzirləri də, özünün ehtiyacı olduğu qədər saxlayar, qalanlarını isə yoxsullara paylayardı.
   Mir Mövsüm Ağanın sağlığında olduğu kimi, vəfat etdikdən sonra da min bir diləklə onun ocağına üz tutanların ardı-arası kəsilmir. Onun gücünə, qüdrətinə inam, ürəklərində tutduqları hər bir niyyətin yerinə yetməsi o ocağa pənah gətirənlərin sayını gündən-günə artırır. Millətindən, dinindən asılı olmayaraq, Ağanın cəddinə inanan hər kəs onun ruhunu əziz tutur. Belə şəxslərdən biri də məşhur rəssam Nikolay Safranovdur. 2002-ci ildə Nikolay Safranov Moskvadan Ağanın qardaşı və bacısı uşaqlarına zəng edir. Ağanın cəddinə xoş sözləri deyərək, onlara minnətdarlığını bildirir. Ağanın qohumları bu telefon zənginin nəyə borclu olduğunu öyrənmək istəyəndə Nikolay Safranov başına gələn əhvalatı danışır. Deyir ki, çox dəhşətli maşın qəzasına düşüb. Qəza zamanı ölənlər və ağır yaralananlar olub. Amma Safranov bu faciədən sağ-salamat qurtulub. Möcüzəyə səbəb isə Mir Mövsüm Ağanın gücü olub. Qəza zamanı Nikolay Safranovun cibində Ağanın şəkli olub və rəssamın bildirdiyi kimi: “Məni müqəddəs insanın əksi xilas edib”.
Mir Mövsüm Ağa uşaqları çox sevər və həmişə onlara gülümsəyərdi. Uşaqlara olan sevginin nə dərəcədə böyük olmasını bir jurnalistin evində baş verən hadisə də sübut edir. Hadisə baş verən gün ev sahibi Bakıda yox, rayonda olur. Evdə onun həyat yoldaşı və uşaqları qalır. Gecə hamının şirin yuxuda ikən elektrik qızdırıcısında boşluq olduğundan qısaqapanma baş verir, ev yanmağa başlayır. Tüstü iyinə yuxudan ayılan ana görür ki, döşəmədəki xalça, linolium yansa da, alov öz-özünə sönüb. Ən qəribəsi isə yanğın uşaqlar yatan otaqda olub. Orada divardan asılan bir neçə şəkil içərisində olan Mir Mövsüm Ağanın qəbrinin şəklində təsvir itir, heç nə görünmür. Amma şəkil qıpqırmızı olur. Heç kəs bunu anlaya bilmir. Ertəsi gün evdə olanlar axşam saatlarında şəkildə dəyişikliklər müşahidə edirlər. Şəkil əvvəlki vəziyyətinə dönür. Bu hadisəni qonşu qadın belə izah edir: “Qurban olduğumun ruhu görüb ki, uşaqlar yanacaq, odu özünə çəkib. Şəklin qırmızı olması da buna dəlalət edir”.
   Mir Mövsüm Ağanın cəddinin, gücünün böyüklüyünə nümunə kimi digər hadisəni də misal göstərmək olar. Böyük Vətən müharibəsi illərində bir bakılının idarə etdiyi təyyarə düşmən tərəfindən vurulur və yerə doğru yuvarlanır. Təyyarəçi ölümlə üz-üzə dayandığını görüb Ağanın adını, ruhunu köməyə çağırır, ondan imdad diləyir. Təyyarə yerə dəyib parçalansa da, təyyarəçi sağ qalır və müharibəni xəta-balasız başa vurur. Həmin şəxs Bakıya qayıdır. Ölümlə pəncələşdiyi bir vaxtda Mir Mövsüm Ağanın adına dediyi nəziri gətirib onun ocağına verir. Aradan neçə illər keçir. İş elə gətirir ki, təyyarəçinin oğlu da təyyarəçiliyi özünə peşə seçir. Taleyinin qəribəliyindən atasının başına gələn hadisə eynilə təkrarlanır. Təyyarəçi rəhmətlik atasının dediklərini xatırlayıb Mir Mövsüm Ağanın ruhunu çağıraraq onu xilas etməsini diləyir. Nəticədə təyyarə heyəti sağ qalır. Hospitala yerləşdirilən zərərçəkən iki pilot yüngül xəsarətlər alır. Həmkarının “təyyarə yerə düşəndə sən kimin adını çəkirdin” sualına cavabda “Mir Mövsüm Ağanın cəddinə qurban olum” deyərək ona hər şeyi başa salır. Bu hadisəni təxminən 15 il öncə Mir Mövsüm Ağanın ziyarətgahına Moskvadan gələn təyyarəçi oğlanın anası axundlara danışıb.
   Deyirlər, ALLAH yalnız onu çağıranların səsini eşidir. Mirmövsüm Ağa da Tanrının insanlara kömək üçün göndərdiyi şəxsiyyətlərdəndir. Sağlığında cismi, haqq dünyasına qovuşandan sonra isə ruhu insanların dadına çatır.
İnam möcüzələr yaradır və hər çətin məqamda o, ən sonda ölür. İnanın və bu dünyada inamla da yaşayın. Qoy Mirmövsüm Ağanın cəddi hamıya kömək olsun.







xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

© AzeriArt.Net Team

Copyright © 1998-2007 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: webmaster@azeriart.net