Azərbaycan muğam sənətinin korifeyi Xan Şuşinski 1901-ci ilin
avqustun 20-də dünyaya göz açıb. Əsl adı İsfəndiyardır. İsfəndiyar
Aslan oğlu Cavanşirov. Xan Şuşinski adı ona 12-13 yaşlarında
məclislərin birində verilib. Böyük sənətkar Şuşanın bünövrəsini qoyan
Cavanşir sülaləsindən olan Aslan bəyin ailəsində dünyaya göz açıb.
Ancaq sovet hakimiyyəti qurulduqdan sonra Ballıca kəndində, Şuşada
mülkü və dörd kəndi olan Aslan bəyin bütün var-dövləti müsadirə edilir.
Bu hadisədən sonra Aslan bəy Bərdəyə köçür. İsfəndiyarın sənətə
gəlişində Segah İslamın xüsusi rolu olub. Belə ki, Segah İslam
məclislərin birində səsini bəyəndiyi İsfəndiyarı özünə şagird götürüb.
"Xan" ləqəbinin tarixçəsi isə belə olub. Segah İslam tələbəsi
İsfəndiyarla birgə Ağdamın Novruzlu kəndində bir məclisdəymiş. Məclis
arəstə olmamış, ev sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu
qurur. Təbrizli Əbülhəsən xanın ifasında "Kürd Şahnazı"nı dinləyirlər.
Hamının heyranlıqla diqqət kəsildiyi bu ifadan sonra Segah İslam heç
kimin gözləmədiyi halda üzünü tutur İsfəndiyara: "Bəlkə sən də bizim
üçün "Kürd Şahnazı" oxuyasan?". İsfəndiyar 12-13 yaşından başlayaraq,
saatlarla Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Əbülhəsən xanın
vallarını oxudub, onların ifasının ən incə nüanslarını belə olduğu
kimi təqlid etməyə çalışsa da, birdən-birə, özü də Əbülhəsən xanın
ifasından sonra oxumağa tərəddüd edir. Ancaq buna baxmayaraq, İslam
Abdullayevin sözünü yerə salmır. Məclis əhli ikinci dəfə "Kürd Şahnazı"
dinləməli olur. "Kürd Şahnazı"nı zilə çəkən İsfəndiyar elə oxuyur ki,
məclis əhli yerbəyerdən Əbülhəsən xanın adının birinci hissəsini
ixtisara salıb, "əsl xan elə bu imiş ki!", - deyir. Vəcdə gələn İslam
Abdullayevsə, ustad xeyir-duasını verir: "Bu gündən sənin adın oldu
Xan Şuşinski".Xan Şuşinski çox məsuliyyətli insan olub. Püxtələşmiş,
tanınmış böyük sənətkar olanda belə, dəfələrlə oxuduğu musiqi
nömrəsini ifa edəndə daxili həyəcan keçirdiyi hiss olunub. Xan səsini
qoruyan idi. O, müəyyən təamlardan, nemətlərdən həmişə özünü təcrid
edib. Bunun səbəbini soruşanda isə söyləyib ki, İlahi əmanətinə
naxələf çıxa bilmərəm. Xan Şuşinski gənclikdə ona verilən Xan adının
məsuliyyətini ömrünün sonuna qədər daşıyıb. O, Azərbaycan musiqisinin
həqiqi Xanı olub...
Xan Şuşinski sonralar, 1944-cü ildə Əbülhəsən xanla da görüşüb. Bir
qrup incəsənət xadimi ilə birgə Təbrizdə qastrol səfərində olarkən,
Əbülhəsən İqbal Soltan Xanla yaxından maraqlanır. Deyilənə görə, o, "Qrand
otel"də Xanın şərəfinə qonaqlıq da verib.
Cabbar Qaryağdıoğlunun: - "Səsin sənə qulaq asmadı, - oxuma, zökəm
oldun, - oxuma, yorğun oldun, - oxuma. Bakının dəli havasından özünü
qoru. Küləkli havada bayıra çıxma, istidən tərləsən belə, soyuq su
içmə", - sözlərini ömrü boyu unutmayan Xanın səsi həmişə yerində olub.
Yaşının ən ahıl çağlarında belə, o, səs imkanlarını qoruya bilib.
Xan Şuşinski yalnız görkəmli xanəndə kimi tanınsa da, onun bir sıra
bəstələri də olub. Çox zaman xalq mahnıları kimi təqdim olunan "Qəmərim",
"Şuşanın dağları", "Ay gözəl", "Məndən gen gəzmə", "Al yanağında", "Dağlarda
çiçək", "Gözəl yarım", "Ölürəm, a Ceyran bala" mahnılarını Xan
Şuşinski bəstələyib.
"Şuşanın dağları" mahnısının sözləri də Xana məxsusdur. Bu mahnının
sözlərinə görə, hətta vaxtilə onu çək-çevirə də salıblar - "Şuşanın
dağlarının başı niyə dumandır? Bununla nə demək istəyirsən?". Xan
Şuşinski də bu sualın cavabında bildirir ki: "Şuşa dağlarının başı
həmişə dumanlı olur". Yenə əl çəkmirlər. Axırı Xan məcbur olub, bir
müddət bu mahnının sözlərini dəyişərək, "Şuşanın dağları deyil dumanlı"
kimi oxuyur.
"Mirzə Hüseyn segahı" XVIII əsrdə yaşamış Qarabağın məşhur xanəndəsi
Mirzə Hüseynin adı ilə bağlı olsa da, ondan söz düşəndə, Xanın da adı
xatırlanır. Adətən də, onu "Mirzə Hüseyn segahı"nın ikinci müəllifi
adlandırırlar.
Çünki 120-130 il sürən uzun fasilədən sonra bu muğama Xan yenidən "Manəndi
müxalif" şöbəsini əlavə edib.
Simfonik orkestrin müşayiətilə ilk dəfə simfonik muğamlarda solo
hissəni Xan oxuyub. Musiqi tariximizdə ilk duet də böyük sənətkarın
adı ilə bağlıdır. Azərbaycan musiqi tarixində ilk duet Şövkət xanım
Ələkbərova ilə Xan Şuşinskinin ifasında səslənib. Xan Şuşinski Üzeyir
Hacıbəyovdan başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib.
Deyilənə görə, Üzeyir Hacıbəyov Xan Şuşinskinin ifasında mahnılarını
dinləməkdən xüsusi zövq alırmış. Xüsusən də, "Qaragöz" mahnısını. Yeri
gəlmişkən, onu da deyək ki, 1926-cı ildə bəstələnən bu mahnının ilk
ifaçısı da elə Xan Şuşinski olub.
Sənətkarın sağlığında, elə indinin özündə də Xan Şuşinskinin opera
teatrının səhnəsində görünməməsinə təəccüblə yanaşırlar. Dövrünün ən
böyük sənətkarı olan Xan Şuşinskinin operaya dəvət edilməməsinin
səbəbləri həmişə qaranlıq qalıb. Bu sualın ən müxtəsər cavabına Xanın
xatirələrini vərəqləyəndə rast gəldiyimizdən, olduğu kimi nəzərinizə
çatdırırıq. Xan yazıb: "Üzeyir bəy ayrı bir adam idi. Belə insan beş
yüz ildə bir dünyaya gəlir. Onunla heç bir kəsi tərəziyə qoymaq olmaz.
Mənim xətrimi çox istəyirdi. Yaman muğampərəst idi. "Şur"u çox sevirdi.
Özü də həmişə deyərdi ki, heç kəs "Qarabağ şikəstəsi"ni və "Simayi
şəms"i Xan kimi oxuya bilməz. Çox çalışdı məni operaya aparsın, özüm
getmədim. Dedim ki, ay bəy, mən üzümə ənnik-kirşan yaxıb, səhnəyə çıxa
bilmərəm. Bir də, səhnədə xalqın qızına, gəlininə eşqnamə oxuyacam?".
Xan Şuşinski "Qarabağ şikəstəsi"ni oxumağı çox sevərmiş. Şikəstə ondan
əvvəl məclisdə 3-4 xanəndənin ifasında səslənsəydi də, Xan bütün
çıxışlarında həmişə birinci "Qarabağ şikəstəsi"ni oxuyarmış. Bu, çox
təbii qarşılanardı. Bu barədə Seyid Şuşinski maraqlı bir xatirə qələmə
alıb. Məlum olur ki, Seyid Şuşinski və Cabbar Qaryağdıoğlu neçə
illərmiş ki, Qarabağa getmirmişlər. Bir gün Cabbar Qaryağdıoğlu Seyid
Şuşinskiyə deyir ki, Xanı neçə vaxtdır görmürəm. Xana xəbər göndər
gəlsin bizə. O da Xana zəng edib, Cabbar əminin sifarişini ona
çatdırır. Cabbar Qaryağdıoğlugilə gələn Xan Şuşinski ustadların
göstərişilə "Mirzə Hüseyn segahı" ilə "Qarabağ şikəstəsi"ni oxuyur.
Onun ifasından sonra Cabbar deyir ki, "Seyidlə üç-dörd il idi Qarabağa
getmirdik. Dedik sənin səsinlə Qarabağın axar-baxarlı dağlarını, Turş
suyunu, İsa bulağını, Cıdır düzünü, Topxana meşəsini gedib gəzib gələk.
Çox sağ ol. Gəzdik gəldik". Xanın səsi Qarabağın ab-havası idi.
Xan geniş səs diapazonuna sahib olmaqla yanaşı Azərbaycanın
mədəniyyətini bütün dünyaya tanıtması ilə də xalq arasında böyük
müvəffəqiyyət qazanmağa nail olub. Azərbaycan milli musiqisinin
təbliği yolunda böyük nailiyyətlərə imza atıb. O, mürəkkəb muğamların
mahir bilicisi olub. Səsini istədiyi kimi dəyişməkdə, zəngulə vurmaqda
bir çox tanınmış xanəndələrin diqqət mərkəzində durub. Xan Şuşinskinin
ifa etdiyi muğamlarda heç vaxt eynilik hiss edilməyib. Daim muğamların
ruhuna uyğun qəzəllər seçib.
Xan təvazökar, sadə sənətkar olub. Sirlərini dostları, həmyaşıdları
ilə bölüşüb. Yoldaşlıqda, dostluqda sadiq olan Xan Şuşinski ailədə də
qayğıkeş, mehriban idi. Bunu Xanın oğlu Aslan Cavanşirov da
təsdiqləyir. Baxmayaraq ki, atası ilə həddindən artıq böyük yaş
fərqləri olub. Aslan Cavanşirov Xan atasını əsl Azərbaycan kişisi kimi
xatırlayır. Hündürboylu, şux qamətli, buxara papaqlı əsl Azərbaycan
kişisi.
Xan Şuşinski bütün növ muğamların mahir ifaçısı idi. O, ritmik
muğamları qeyri-adi bir ustalıqla oxuyurdu, dinləyicidə böyük ruh
yüksəkliyi oyadırdı.
Azərbaycan musiqi tarixinin əvəzolunmaz korifeyi Xan Şuşinskinin
səsinin yadigarı kimi cəmisi 240 dəqiqəlik lent yazısı qalıb.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...