Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər     Musiqi     Kino     Tanınmışlar     Forum  
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

BİZİM MUSİQİ

   

Hüseynağa Hadıyev

   Onun ömrü cəmi 48 il çəkdi. Vəfa etməyən ömrünü saatbasaat, günbəgün, aybaay, ilbəil nəğmələrinə fəda etdi. Həyatına sığmayan bir aləm qoyub dünyadan köçdü. Nəğmələrdən, şərqilərdən doymayıb getdi! Qocalmağa vaxtı olmadı. Bitib-tükənməyən həsrətli arzularına vaxtsız əlvida dedi. "Ağlıma gəlməzdi ki, nə zamansa onun haqqında xatirələr danışacaqlar" - deyə şirin səsli müğənnimiz Hüseynağa Hadıyevin ömür-gün yoldaşı Sveta xanım acılı-şirinli xatirələrini dilə gətirir: - Yoxluğuna inanmadığın adamlar haqqında danışmaqdan çətin və əzablı heç nə ola bilməz. Onunla uşaqlığımız bir yerdə keçib. Bir həyətdə böyümüşük. Əminəvəsiydik. O, həm məndən 4 yaş böyük idi, həm də qohum olduğumuza görə qayğımı çəkərdi. Deməzdim ki, qeyri-adi uşaq idi. Lakin çox mehriban, səmimi, düzlüyü sevən oğlan idi. Həmişə haqqın tərəfini saxlayırdı. Hüseynağa ömrünün sonuna qədər də belə qaldı. Zəif, gücsüz adamları incitməz, heç kəsin qəlbinə də toxunmağı sevməzdi. Ona görə də məhəllə uşaqlarının arasında nüfuzu vardı. Bir sözünü iki edən yox idi. Tükü-tükdən seçən, həssas təbiətli idi. Hüseynağanın qəlbindəki sınıqlıq həmişə gözlərindən boylanan kədərindən duyulurdu. O, çox sevdiyi anası Törə xanımı uşaq ikən itirmişdi. Analıq mehrinin doğmalığını hiss etməmişdi. Onu bir də göynətməmək, anasızlığını xatırlatmamaq üçün uşaqlar yanında "ana" kəlməsini dilə gətirməzdilər. Uşaqlar onları hər zaman şirin dillə dindirən Törə ananın yoxluğu ilə həyatın ölüm adlı sərtliyini görmüş, bu acı həqiqəti dərk etmişdilər. Onlar həmçinin kövrək qəlbli Hüseynağanın bu böyük dərdə necə tablaşdığına, anasız necə yaşaya bildiyinə, onun dözümünə heyrətlənmişdilər. Lakin uşaq düşüncəsi ilə onlar bu dərdin, bu intəhasız kədərin Hüseynağanın qəlbinin dərinliklərinə əbədi çökdüyündən xəbərsiz idilər. Bu kədər illər ötəndən sonra onun oxuduğu mahnılardan boylanacaqdı. Dinləyiciləri isə bu səsin sehrinə aludə olub öz pünhan kədərlərinə həmahəng tapdıqları üçün bu ifanı sevəcəkdilər. Hüseynağanın zahiri sakitliyi, təmkini arxasında gizlənən o coşqunluq, o həssaslıq, o həyəcan bəstələrində üzə çıxacaqdı. Onun şərqilərini həyəcansız dinləmək olmayacaqdı. Hüseynağa həzin, könülləri titrədən yanıqlı nəğmələri ilə bir böyümüşdü. Tanıyanlar bu səsə o qədər alışmışdılar ki, onu böyük səhnədən edəcəklərini düşünməmişdilər. Onları başına yığıb ürəkləri istəyən nəğmələri oxuyardı. Özünün də çox sevdiyi müğənnilər vardı: Şövkət Ələkbərova və Zəki Müreni dinləməkdən yorulmazdı. Səsinin vurğunu olan dostlarından biri-bəstəkar Rizvan Ələsgərovun təkidindən sonra onunla "Dan ulduzu" instrumental ansamblına getməyə razılıq vermişdi. İfası bəyənildiyindən onu tez bir zamanda ansambla qəbul eləmişdilər. Cəfər Cabbarlı əmisi qızlarını - Hüseynağa Hadıyevin anasını və xalasını tar dərnəyinə yazdırmışdı. Sonralar Törə xanım da oğlunun musiqiçi olmasını istəyərək onu "Pionerlər evi"ndə qarmon dərnəyinə apardı. Lakin bir gün dərsdən əsəbi gələn Hüseynağa: "Daha musiqi dərsinə getməyəcəyəm, müəllim dedi ki, səndən musiqiçi çıxmaz, çünki avarasan" - deyə söyləndi.. Sonralar onun ifasını bəyənməyən müəlliminə yaxınlaşıb kimliyini söyləyəndə müəllimi onu bağrına basmışdı. Bəzən xatirələr insan bədənində sağ olmayan yara kimidir. Olur ki, illərcə onu duymursan, səssiz-səmirsiz, ağrısız-acısız ömrünə yol yoldaşı olur. Və nə vaxtsa qəfildən o yaranın ağrıları başlayır. Adi göynərti belə o yaraya düçar olduğun günü bütün ağrılarıyla yenidən canlandırır səninçün. Hüseynağanın niskili, həsrəti Sveta xanımın ürəyində əbədi yaradır. Başını işlə qatdığından bəzən o yaranın göynərtisi unudulur. Ancaq tək olanda, ötən günlərə dalanda, ya elə indiki kimi Hüseynağa ilə bağlı bir suala cavab vermək lazım gələndə o yaranın, o köhnə xatirələrin təlatümü başlanır. - Evlənəndə ikimiz də tələbə idik - deyə Sveta xanım yenə söhbətinə davam edir. 21 yaşım vardı. Fikirləşdim ki, institutu bitirib aspiranturaya qəbul olaram. Bir gün dərsdən evə gələndə bacım qabağıma qaçıb nişanlandığımı xəbər verdi. Təəccübləndim. Hüseynağanın adını eşidincə təəccübüm ikiqat artdı. Bu mənim üçün dözülməz idi. Atamın Hüseynağanın atasına böyük hörməti vardı. Onun özünü də sakit, tərbiyəli bir oğlan kimi tanıdığından razılığını vermişdi. Heç mənim fikrimi soruşmamışdılar da. Düzü, gözlərimin qabağında böyüdüyündən onunla ailə quracağıma heç vaxt inanmazdım. Sonralar Hüseynağadan soruşardım ki, mənə qarşı belə münasibətin olduğu halda niyə bir söz söyləmirdin? Gülərək cavab verərdi: "Əmiqızı, biz axı qohumuq. Ona görə də bu məsələni böyüklərimiz həll etməli idi". Hüseynağa sonuncu kursda oxuyanda toyumuz oldu. İnstitutu bitirən il onu hərbi xidmətə çağırdılar. Hərbi xidmətini Kislovodskda başa vurdu. 1973-cü ilin yanvarında yeganə oğlumuz Ceyhun dünyaya gəldi. Hüseynağa bu xəbəri hospitalda eşitmişdi. Həmin vaxt hərbi xidmətdə xəstələndiyi üçün onu Bakıya hospitala gətirmişdilər. Xasiyyətimiz tutduğundan ailəmizdə heç vaxt yersiz söz-söhbət, qalmaqal olmazdı. Uşaqlıqdan dərd-sərimizi birgə bölməyə alışmışdıq. Deyim ki, böyüklərin arzusu və məsləhəti ilə qurduğumuz ailənin bizə gətirdiyi səadət payına hər ikimiz şükranlıq edirdik. Hüseynağa o qədər ailəsinə bağlı adam idi ki, hara getsəydi yarı canı evdə, oğlu Ceyhunun yanında qalardı. Bir adəti də vardı - məni evdə görməyəndə çıxıb gedərdi. Bəzən evə gələndə aşağıdan Ceyhunu çağıraraq evdə olub-olmadığımı soruşurdu. Nə zaman ki, evdə olmazdım, o da yuxarı qalxmazdı. Nədənsə inciməyimə razı olmaz, küsülü dəqiqələrimizdə könlümü çiçəklə alardı. O mənim çiçəkləri çox sevdiyimi bilirdi. Həyat eşqi çox güclü idi Hüseynağanın. Geyim-keçiminə xüsusi fikir verərdi. Həmişə dost-tanışı başına yığıb təbiətin qoynuna çıxmağı sevərdi. Ələlxüsus da Xızı dağlarının vurğunu idi. Sevdiyi fəsillər yay və qış ayları idi. İlk qar yağanda uşaq kimi sevinərdi. Bir də görərdim ki, gecə saat 1-də, 2-də toydan qayıdanda qar yağdığını görüb həyətə çatan kimi məni və Ceyhunu səsləyərdi ki, aşağı düşün. Eyvana çıxıb yalvarırdım, gecənin bu vaxtı qonşuları oyatma, hava soyuqdu, yuxarı gəl. Tərsliyinə salıb deyərdi: "Əgər aşağı düşməsəz, qışqırıb qonşuları da oyadacağam". Çarəsiz qalıb biz də həyətə düşər, gecə yarıya qədər qartopu oynayar, təmiz havada gəzərdik. Sevmədiyi mahnını oxumazdı Hüseynağa. "Bulaq başı", "Bu gecə", "Mənim dünyam" mahnıları dinləyicilər tərəfindən daha çox sevilirdi. Onu da deyim ki, Hüseynağa türk mahnılarının Azərbaycanda ilk ifaçısı olub. Tez-tez, həm də yanıqlı bir avazla: "Nədən saçların bəyazlanmış arkadaş?" mahnısını oxuyardı. Sanki özünə ağsaçlı ömrün qismət olmayacağını duyub oxuyurdu. Yəqin bu da bir tale yazısıdır. Bizim nəslin kişiləri uzun ömür yaşamayıblar. Biz Cəfər Cabbarlı ilə əmiuşağı olmuşuq. Hüseynağa da onun kimi az yaşayıb. 48 yaş nədir ki... Hüseynağa Hadıyev ömrü boyu "Dan ulduzu" ansamblının solisti olub. Bu ansambla o qədər bağlanıb ki, nə zamansa onu tərk edə biləcəyini ağlına belə gətirməyib. Elə ansamblın üzvləri də, bədii rəhbəri Gülarə xanım Əliyeva da onun xətrini çox istəyirdilər. O dövrdə Gülarə xanımın televiziya, radio proqramlarına çıxmasında problem olmadığı üçün Hüseynağa da tez-tez ekranda görünərdi. Ancaq bir qədər fərqli geyinməsinə və saç düzümünə görə ona tez-tez irad tutar və səhnəyə çıxanda uzun saçlarını kəsdirməyə, kostyum geyinməyə məcbur edərdilər. Bu qadağalar onu həmişə özündən çıxarardı. Nə fəxri ad, nə də var-dövlət barədə düşünməzdi. Heç zaman ad almaqdan ötrü bir çoxları kimi haray-həşir qoparmazdı. Çox təvazökar insan idi. Özünü peşəkar sənətçi də saymırdı. Ancaq onun səsinin o qədər məftunu olanlar vardı ki... Sveta xanım hər gün həyatının ilk günlərinin nə qədər gözəl və bəxtəvər başladığını düşünür, bundan qanadlanırdı. Ailəsi ilə öyünür, qürrələnirdi. Hüseynağa əvvəllər o qədər vəfalı, həssas insan idi ki, Sveta xanım onun birdən-birə dəyişəcəyini yatsa da yuxusuna gətirməzdi. İnsan xarakteri də təbiət kimi dəyişkən olurmuş. Hüseynağa son vaxtlar evindən soyumağa başlamışdı. Bunun səbəbini Sveta xanıma çatdırmaq istəyənlərin sayı-hesabı yox idi. Sveta xanım isə susmağı qərara almış: "Gedəni saxlamaq olmaz" -deyə düşünmüşdü. Lakin qüruruna sığınıb bu gedişin dönüşü olacağı günə qəlbində inandığını heç kəsə etiraf etməmişdi. Həmin günün gələcəyini isə hər an gözləyirdi. Bir gün doğrudan da Hüseynağa Hadıyev həmişəlik Sveta xanımın, oğlu Ceyhunun yanına qayıtdı. Ancaq Sveta xanım onun bu cür qayıdışını arzulamamışdı. Ağrılı olan, onu ömür boyu yandıran o idi ki, Hüseynağa yalnız xatirələrdə qayıtmışdı... Sveta xanım xatırlayır: - Hüseynağa hamının toyunu yola verərdi. O, toy məclislərinin və el şənliklərinin yaraşığı idi. Hətta toy məclislərində iştirak etməkdən ötrü ona başqa respublikalardan da dəvətlər gəlirdi. Kasıb, imkansız adamların toyunu təmənnasız aparar, bundan xüsusi zövq alardı. Bircə balasının toyunu görmək isə ona qismət olmadı. Ceyhunun toyu günü nə qədər çalışsam da, özümü ələ ala bilmirdim. Bu dərd məni həmişə için-için yandırır... Bir də o Hüseynağa Hadıyevin ömrünün son günlərdə - xəstəxana çarpayısında keçirdiyi ağır vaxtlarda onun və oğlunun yanına gəlməsini istəməməsindən göynəyir. Özünə təsəlli verir ki, bəlkə Hüseynağa oğlunun və onun qarşısında belə xəstə və günahkar görünmək istəməyib. Axı Sveta xanım onu çoxdan bağışlamışdı. "Həyatda kim səhv etmir ki..." - deyə düşünmüşdü. Yoxsa bu gün onun haqqında söhbətləri, bəzən onun itkisindən doğan göz yaşları, xoş günlərindən yaddaşında əbədiləşən sevincli xatirələri necə dilə gətirə bilərdi.






xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

© AzeriArt.Net Team

Copyright © 1998-2007 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: info@azeriart.net