Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər     Musiqi     Kino     Tanınmışlar     Forum  
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

REJİSSORLAR

   Rza Təhmasib
 

   Azərb.SSR əməkdar incəsənət xadimi (1946). Azərb.SSR xalq artisti (1964). SSRİ Dövlət mükafatı laureatı (1946). 3 "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir.
   Rza Təhmasib Azərbaycan teatr və kino sənətinin korifeylərindən idi. Milli teatrımızın inkişaf edib formalaşmasında bu böyük sənət fədaisinin xidmətləri əvəzsizdir. Onun genişmiqyaslı rejissorluq, aktyorluq fəaliyyəti bütöv bir əsrin sənət tarixinin unudulmaz səhifələrini təşkil edir.
   Rza Təhmasib Naxçıvanda dünyaya gəlmişdir. Elə uşaqlıqdan sənətə-teatra meyli olub. 16 yaşında ikən Tiflisdə Müsəlman Artistləri İttifaqının teatr truppasında fəaliyyətə başlayan gənc Təhmasib 1920-ci ilədək Tiflis, Yerevan, Naxçıvan teatrlarında aktyorluq və rejissorluq etmişdir. 1920-ci ildən isə bu müqtədir sənətkarın yaradıcılığı Azərbaycan Dövlət Dram Teatrı ilə bağlı olmuşdur. 1922-1924-cü illərdə bu teatrda bədii rəhbər, 1937-1938-ci və 1953-1959-cu illərdə isə direktor kimi fəaliyyət göstərmişdir. Milli teatr ənənələrinin yaranmasında, Azərbaycanda realist teatrın formalaşmasında Rza Təhmasib yaradıcılığının əhəmiyyəti həqiqətən əvəzsizdir. Və bu gün ötən əsr teatr tariximizin səhifələrini vərəqləyəndə Rza Təhmasib irsinin izləri aydın görünür.
   Teatr tariximizdə oynanılan elə bir klassik Azərbaycan və dünya ədəbiyyatı nümunəsi yoxdur ki, Rza Təhmasib aktyor və rejissor kimi bu tamaşalarda işləməmiş olsun. Onun yaradıcılığı epoxal xarakterlidir, təxminən bir əsrə yaxın dövrdə bu istedadlı sənətkarın ömür yolu teatr və kinomuzun inkişafına xidmətdə keçmişdir. Aktyor kimi yaratdığı İsgəndər (Ölülər), İblis və Arif (İblis), Şeyx Sənan (Şeyx Sənan), Qacar (Ağa Məhəmmədşah Qacar), Süleyman (Həyat), Koşkin (Lyubov Yarovaya), Strijin (Eskadranın məhvi), Karl Moor (Qaçaqlar) kimi rollar klassik teatrımızın ən layiqli sənət nümunələrindən olmuşdur. Rza Təhmasibin C.Cabbarlı yaradıcılığına böyük simpatiyası olmuşdur. Dəfələrlə bu nəhəng dramaturqun əsərlərini səhnəyə qoymuş, müxtəlif rolları ifa etmişdir. Aydın, Elxan, Balaş, Hacı Əhməd, İmamyar, general-qubernator kimi Cabbarlı personajlarını xüsusi istedadla səhnədə canlandırmışdır.
   Rejissor kimi ilk müstəqil işi Cəlil Məmmədquluzadənin Ölülər əsəri olub. O dövrün mətbuatında onun quruluşunda Ölülər yeni teatr, yeni sənət nümunəsi kimi qiymətləndirilirdi. Ölülər onun rejissor kimi formalaşmasında mühüm və əhəmiyyətli rol oynadı. Şeyx Sənan (1931), Sevil (1934), Özgə uşağı (1936), Madrid (1938), Vəfa (1943), Hacı Qara (1958) kimi tamaşaları Rza Təhmasibin rejissorluq məharətinin ən layiqli nümunələri idi.
Ümumiyyətlə, ötən əsrin 60-cı illərinə qədər Rza Təhmasib milli teatrımızın təşkilatçısı və yaradıcısı kimi onun inkişafının təminatçılarından biri idi. Azərbaycan teatr sənətinin böyük bir dövrü Rza Təhmasib yaradıcılığı ilə bağlı olmuşdur.
   Rza Təhmasibin sənətə gəldiyi vaxt Azərbaycan kinosunun yenicə yaranmağa başladığı bir dövrə təsadüf edirdi. Bu kinomuzun elə bir dövrü idi ki, onun inkişafını məhz teatr xadimlərimizin, rejissor və aktyorlarımızın iştirakı olmadan təsəvvür etmək mümkün deyildi. Bir çox klassik teatr xadimlərimiz həmin dövrdə kinomuzun ağırlığını öz çiyinlərində daşıdılar. Onlardan biri də Rza Təhmasib idi. Bu böyük sənətkar 1937-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmiş və elə həmin il də Bakı studiyasında Ordenli Azərbaycan sənədli filmini çəkmişdi.
Müharibənin qızğın dövründə 1941-ci ildə Rza Təhmasib Səbuhi filminin çəkilişlərinə başladı. Film 1943-cü ildə tamamlandı. Bu, Rza Təhmasibin bədii kino sahəsində ilk rejissorluq işi idi. Böyük mütəfəkkir Mirzə Fətəli Axundovun həyat və yaradıcılığından bəhs edən bu filmdə İsmayıl Dağıstanlı, Leyla Bədirbəyli, Hüseynqulu Sarabski, Ağadadaş Qurbanov, Möhsün Sənani, Mustafa Mərdanov kimi böyük sənətkarlar çəkilmişdi. Ancaq onun kinoda rejissor kimi ən uğurlu işi Arşın mal alan filmi oldu. 1945-ci ildə kinorejissor Nikolay Leşşenko ilə birgə yaratdığı bu film SSRİ Dövlət mükafatına layiq görüldü.
   Arşın mal alan kinokamediyası milli kinomuzun ən layiqli nümunələrindəndir və 60 ilə yaxındır ki, bu film dünya ekranlarını dolaşmaqdadır. Filmin uğurlu taleyinin bir səbəbi də rejissorların güclü aktyor ansamblı yarada bilmələrində idi. Leyla Bədirbəyli, Rəşid Behbudov, Lütfəli Abdullayev, Münəvvər Kələntərli, İsmayıl Əfəndiyev, Mirzağa Əliyev və digər korifeylər filmin müvəffəqiyyət qazanmasında mühüm rol oynadılar. R. Təhmasib 1950-ci ildə A.Zarxi və M.Xeyfitslə birlikdə Bakının işıqları, 1959-cu ildə Mikayıl Mikayılovla Mahnı belə yaranır filmlərinə quruluş verib. Kinoda ilk sərbəst rejissor işi isə Onu bağışlamaq olarmı? filmi oldu. Bu film 1959-cu ildə istehsal olunmuşdu və rejissor həllinə görə diqqəti çəkən, maraqlı film idi. Filmin ssenarisini rejissorun qardaşı, görkəmli filoloq-alim M.Təhmasib yazmışdı.
   Rza Təhmasibin həm də aktyor kimi kinomuzda yadigarları var. 1947-ci ildə istehsal olunmuş Fətəli xan filmində ona Ağası xan rolu həvalə edilmişdi. Kinomuzda onun ən layiqli aktyor işi isə Qanun naminə filmində yaratdığı Qaloş obrazıdır. Bu obraz öz xarakterinə və ifa üslubuna görə kino tariximizin nadir qəhrəmanlarındandır.
Bütün mənalı ömrünü Azərbaycan teatrının, kino sənətimizin inkişafına və tərəqqisinə həsr etmiş xalq artisti, Dövlət mükafatı laureatı Rza Təhmasib ömrünün son illərini pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycanda yeni rejissor və aktyor nəslinin yetişməsində mühüm və əhəmiyyətli rol oynamışdır. Onun yetirmələri bu gün müstəqil ölkəmizin teatr və kino sənətinin tərəqqisi keşiyindədirlər. Bu böyük incəsənət xadiminin sənət tariximizdəki xidmətləri heç zaman unudulmayacaq və onun xatirəsi xalqımızın yaddaşından heç zaman silinməyəcəkdir.

Əsas filmləri:
1. Ordenli Azərbaycan (1937)
2. Səbuhi (1943, A.Bek-Nazarovla)
3. Arşın mal alan (1945, N.Leşşenko)
4. Bakının işıqları (1950)
5. Mahnı belə yaranır (1959, M.Mikayılovla)
6. Onu bağışlamaq olarmı (1960)

 






xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

AzeriArt.Net Team

Copyright 1998-2006 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: webmaster@azeriart.net