Azərbaycan
kino rejissoru. Azərb. kinodramaturqu, rejissor, yazıçı. Azərb.SSR
əməkdar incəsənət xadimi (1960). Azərb.SSR xalq artisti (1976).
Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri. Kür sahillərində (1953),
Telefonçu qız (1960) povestləri; Uzaq Sahillərdə romanı (1954, İ.Qasımovla
birgə) Sovet İttifaqı Qəhrəmanı M.Hüseynzadəyə həsr olunmuşdur;
Cəbhədən-Cəbhəyə (1961), İllər keçir (1973 , İ.Qasımovla birgə), Çiçək (1978)
romanları: Dəniz cəsurları sevir (1954,İ.Qasımovla birgə) Sən nə üçün
yaşayırsan (1959, İ.Qasımovla birgə) pyesləri vardır. Azərb.SSR Ali
Sovetinin (9-10 cu çağırış) deputatı olmuşdur. Qırmızı Əmək Bayrağı, "Şərəf
nişanı" ordenləri və medallarla təltif edilmişdir.
O, həm yazıçı, həm kinorejissor, həm də təşkilatçı rəhbər idi.
Azərbaycanımızın mənəvi dünyasının formalaşmasında Həsən müəllimin
mühüm xidmətləri olub. Onun qəhrəmanları mənəviyyatca saf, cəmiyyətdə
öz mövqeləri, dünyaya öz baxışları olan insanlardır. Bu insanlarda
nümunə götürüləsi çoxlu müsbət keyfiyyətlər var. Və hər dəfə Həsən
Seyidbəylinin filmlərinə baxarkən orada yeni bir şey tapırsan,
onlardan öyrənirsən.
Həsən Seyidbəyli sovet kinosunun aparıcı rejissorlarından, sovet
ədəbiyyatının qabaqcıl nümayəndələrindən olub. Amma bu böyük
sənətkarın yaradıcılığında hər şey bəşəridir, bəşəri ideyalardan
qaynaqlanıb. Həsən müəllim tarixdən də, müasir dövrdən də əsər yazanda,
yaxud film çəkəndə Azərbaycan xalqının mənəvi dəyərlərini həmişə meyar
kimi əks etdirmişdir.
Nikbin, həyatsevər təbiəti onun bütün yaradıcılığına hakim idi.
Həsən Seyidbəylinin əsərlərində həmişə milli ruh, milli qeyrət hakim
olmuş, bu torpağa, bu təbiətə vurğunluq onun əsərlərini də səmimi və
təbii etmişdi. Bu əsərlərdə zahirən adi görünən hadisələrdəki gizli
mətləblərin, dövrün, zamanın nisgilli ağrıların, onun poetik zəkasının,
təxəyyülünün süzgəcindən keçdiyini aydın hiss edirsən. Seyidbəylinin
əsərlərində elə aydın notlar, elə səmim deyimlər var ki, bunu yalnız
onun yaradıcılığına xas olan keyfiyyətlər kimi qiymətləndirmək
lazımdır.
Həsən Seyidbəyli Bakıda doğulmuşdu. Abşeronun sərt təbiəti, Xəzərin
romantik görünüşünün qəlbində yaratdığı təzadlı duyğular onun qəlbində
poetik bir təxəyyül formalaşdırmışdı. O ilkin olaraq ədəbiyyata
gəlmişdi. Kiçik hekayələri, povestləri çap olunan ilk vaxtlardan
oxucular onu tanımışdılar, sevmişdilər. Kinoya isə kiçik oçerklər
müəllifi kimi gəlmişdi. “Böyük yol” (1947), “Bakıdan Göy gölədək”
(1948) film-oçerkləri kinematoqrafımıza istedadlı bir gəncin qədəm
basdığından xəbər verirdi. Böyük sənət yolunun başlanğıcında duran bu
əsərlərdə ilk istedad qığılcımları, Vətənə ülvi məhəbbət duyğuları,
təbiətə vurğunluq hissləri çox məharətlə tərənnüm olunmuşdu.
Amma “Uzaq sahillərdə” filmi bu istedadlı yazıçının kinematoqrafa ilk
uğurlu addımı idi. Xalq yazıçısı İmran Qasımovla birgə yazdıqları
“Uzaq sahillərdə” ssenarisində kinematoqrafın bütün tələbləri
layiqincə, yerli-yerində əks etdirilmişdi. Kinodramaturgiyamızda
müharibə mövzusunun çox sərrat işləndiyi bu ssenari müəlliflərinə
böyük şöhrət gətirdi və kinorejissor Tofiq Tağızadə filmə çox orijinal
quruluş verdi. Film 1958-ci ildə ekranlarımızda nümayiş etdirildi.
Həmişə onun həm ssenarisini yazdığı, həm də rejissor kimi quruluş
verdiyi “Telefonçu qız”, “Möcüzələr adası”, “Cazibə qüvvəsi”, “Kimi
daha çox sevirik” və s. bu kimi filmləri birləşdirən ümumi cəhəti
tapmağa çalışmışam. Və qənaətim bundan ibarətdir ki, Həsən
Seyidbəylinin bu filmlərində ümumi bir cəhət var. O da qəhrəmanların
milli xarakteri, hadisələrə poetik ahəng vermək bacarığıdır. Onun
yaratdığı personajlar adi adamlar idi. Əksəriyyəti həyatda öz yerini
axtaran və bu yolda çətinliklərlə qarşılaşan gənclərdir. O, gənclərin
taleyini tədqiq edir, bəzən bədii ümumiləşdirmə vasitəsilə müxtəlif
xarakterlərə məxsus adamları ekrana gətirir, onları həyatın ilkin
sınağından keçirir. Bu filmlərə tamaşa etdikcə mənən saflaşırsan,
sabaha nikbin nəzərlərlə baxırsan.
Həsən Seyidbəylinin qəhrəmanlarının mənəviyyatında ülvi bir təmizlik
var, bu keyfiyyət onları yaddaşımıza həkk edir, bizi, cəmiyyəti
təmizliyə, paklığa səsləyir. “Sən niyə susursan?” (1966) filmi onun öz
ssenarisi əsasında çəkdiyi filmlərdəndir. Bu filmdə gəncliyin mübariz
ruhu var. Burada insanların təmiz mənəvi duyğuları əks olunur. Amma
müharibə mövzusunda lentə aldığı “Bizim Cəbiş müəllim” daha çox
diqqəti çəkir. Hər dəfə bu filmə tamaşa edəndə yeni bir keyfiyyət
əlaməti tapırsan. Cəbiş müəllim təmiz, saf duyğularla yaşayan,
cəmiyyətin ağrılarını öz içərisindən keçirən humanist bir insandır.
Hətta o dərəcədə sadəlövhdür ki, bəzən onun belə münasibətləri
ətrafındakılara qəribə görünür. “Bizim Cəbiş müəllim” bəlkə də o
dövrdə humanist prinsipləri əks etdirən ən yaxşı filmlərdən idi. Xalq
artisti Süleyman Ələsgərov əslində kino aktyoru deyildi. Amma Həsən
müəllim onu kinoya gətirdi və milli kinomuzun ən uğurlu
qəhrəmanlarından birinə çevirdi.
Həsən Seyidbəylinin aktyor axtarışları həmişə dəqiq və cəlbedici
olmuşdur. “Nəsimi”ni də Həsən müəllim çəkdi. Bu böyük bir imtahan idi.
Zidiyyətli tarixi dövrün materiallarını ilk dəfə bədii kinoya gətirmək
doğrudan da riskli bir iş idi və Həsən müəllim belə bir risk etdi.
1974-cü ildə film ekranlara çıxanda çoxları onun elə uğurlu alındığına
inanmaq istəmirdi. Amma film çox səviyyəli alınmışdı və Nəsiminin
dövrü, onun həm şair, həm də yüksək duyğulara malik insan kimi
kinoportreti tamaşaçıları həqiqətən valeh etmişdi. Həsən müəllim yenə
eksperiment etmişdi, baş rola gənc aktyor Rasim Balayevi çəkmişdi. O,
Rasimi kinomuz üçün kəşf etdi. Həsən müəllim milli kinomuza Nəsiminin
bədii obrazını gətirməklə kino tariximizi zənginləşdirdi. İlk dəfə
kinomuzda Nəiminin, Teymurləngin, Şirvanşah İbrahimin bədii
obrazlarını yaratdı. Film mükafat da aldı, festivallarda da uğurla
nümayiş etdirildi. Həsən müəllim gözəl təşkilatçı idi. Azərbaycan
Kinematoqrafçılar İttifaqına uzun müddət rəhbərlik etmişdi. Məhz onun
dövründə bu təşkilat kino sənətimizin əsl yaradıcılıq mərkəzinə
çevrilmişdi. Burada tez-tez görüşlər keçirilərdi, kino işçilərinin
problemləri burada çözülərdi. Onun sədrliyi dövründə ittifaqın bir
neçə qurultayı da olmuşdu. O, kino işçilərini səfərbər etməyi
bacarırdı.
Bununla yanaşı, Həsən müəllim yaradıcılığını da davam etdirirdi. Yeni
filmlər çəkir, ssenarilər üzərində işləyirdi. Həm də gənclərin kinoya
cəlb olunması üçün əlindən gələni əsirgəmirdi. Ömrünün son vaxtlarında
Həsən müəllim “Xoşbəxtlik qayğıları”nı çəkdi. Bilmirəm, nədən bu
mövzunu seçmişdi. Niyə xoşbəxtlik qayğıları ömrünün bu yaşında onu
narahat etmişdi? Ssenarini də özü yazmışdı. O, bizləri xoşbəxt görmək
istəyirdi. İstəyirdi ki, yaşadığımız cəmiyyətdə inkişafımıza mane olan
hər şey aradan götürülsün. Bu filmdə onun qəhrəmanları köhnəliyin
qalıqlarına qarşı çıxırlar, hər şeyi yenidən başlamaq istəyirlər.
Yeniliklər isə həmişə təzyiqlərlə qarşılanır.
Həsən Seyidbəylinin ömür yolu mədəniyyətimizlə, incəsənətimizlə,
ədəbiyyatımızla sıx şəkildə bağlıdır. Onun bədii əsərləri, filmləri
bizim tariximizin əsl bədii salnaməsidir. Bu əsərlərdə təlqin olunan
ideyalar ömür yolumuza işıq saçır, bizi mənəvi dəyərlərimizə daha
həssas yanaşmağa səsləyir.
Əsas filmləri:
1. Bakıdan Göygölədək (1947)
2. Böyük yol (1948)
3. Telefonçu qız (1962)
4. Belə ada da var (1965)
5. Cazibə qüvvəsi (1966)
6. Sən nə üçün susursan (1966)
7. Bizim Cəbiş müəllim (1970)
8. O qızı tapın (1971)
9. Səadət qayğıları (1976)
10. Nəsimi (1973)
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...