Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər     Musiqi     Kino     Tanınmışlar     Forum  
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

AKTYORLAR

   Nəcibə Məlikova
 

   Ana obrazının ən qabil yaradıcısı O, son dərəcə gözəl və cazibədar xanım olub. Uca qaməti, təbəssümlü sifəti, işıqlı gözləri, şux yerişi, məlahətli səsi, qeyri-adi aktyorluq istedadı və nəhayət, unudulmayan obrazları ilə mədəniyyət tariximizin səhifələrində və yaddaşımızda əbədi yaşayan xalq artisti Nəcibə xanım Məlikova. Uzun müddətdir ki, onun haqqında yazmaq istəyirdim, amma haradan başlayacağımı qərarlaşdıra bilmirdim. Çünki bədii filmlərdə yaratdığı obrazlara özünün elə möhürünü vurub ki, onları bir-birindən ayırıb təhlil etmək çox çətindir. Bütün bunlardan sonra onun zəngin obrazlar aləmini diqqətlə nəzərdən keçirəndə, nədənsə mənə elə gəlir ki, bizim kino tariximizdə möhtəşəm ana obrazlarının ən qabil yaradıcısı məhz Nəcibə xanım Məlikovadır. Bir anlıq da olsa, yadımıza salaq: "Ögey ana"dakı Dilarəni, "Aygün"dəki Aygünü, "Əhməd haradadır"da Nərgiz xalanı... Sadə, mehriban, sədaqətli, mərd, qeyrətli Azərbaycan qadınının yaddaqalan obrazları. Deyirlər ki, ötən əsrin ortalarında "Ögey ana" filminin tamaşaçılar arasında böyük təsiri olmuşdur. Filmdəki mehriban və iradəli Dilarə xanımdan nəinki ögey analar, bütün qadınlar nümunə götürürdülər. "Əhməd haradadır" filmindəki Nərgiz xala isə bir özgə aləm idi. Nəcibə xanım onu elə təbii və səmimi yaratmışdı ki, həyatda da çox vaxt bu istedadlı aktrisaya "Nərgiz xala" deyirdilər. O, həqiqətən də Azərbaycan kinosunun əbədi yaşayan Nərgiz xalası idi.
   Nəcibə xanımın mənəvi dünyamıza bəxş etdiyi qadın obrazları teatr və kino tariximizdə silinməz izlər qoyub.
Nəcibə xanım Bakı ətrafında, Buzovnada doğulmuşdu. Azərbaycan Dövlət Teatr İnstitutunu bitirmiş və sonra Akademik Dram Teatrında fəaliyyətə başlamışdı. Sonra isə ölkəmizin müxtəlif teatrlarında, o cümlədən Gəncə Dövlət Teatrında çalışmışdı. Nəcibə xanım 1952-ci ildə yenidən Azərbaycan Dövlət Akademik Dram Teatrına qayıtmış və sonrakı bütün yaradıcı həyatını bu teatra bağlamışdır.
Bu aktrisa dramatik xarakterlərin çox mahir ifaçısı idi. Onun rolları arasında ikinci dərəcəli qəhrəman tapmaq çətindir. Çünki rejissorlar ona həmişə baş qəhrəmanların rollarını həvalə edirdilər. Nəcibə xanım da bu obrazlara ürəyinin hərarətini verərdi, onları sevə-sevə yaradırdı. Onun rollarını sadalamaqla qurtaran deyil. Çünki 5070-ci illərin teatr repertuarında elə əsər yox idi ki, Nəcibə xanım orada oynamasın.
   Azərbaycan dramaturqlarının əsərlərində oynadığı rollar xüsusilə yaddaqalan olurdu. Məsələn, Xumar (Şeyx Sənan), Sofiya Xatun (Qılınc və qələm), Şölə xanım (Lənkəran xanının vəziri), Şəhrəbanu xanım (Müsyö Jordan və dərviş Məstəli şah) və onlarla digər əsərlərdə yaratdığı qadın obrazları səhnəmizdə böyük məhəbbətlə qarşılanan rollardan idi.
Nəcibə xanım müasir aktyor sənəti məktəbinin nümayəndəsi idi. Onun qəhrəmanları dövrünün xarakterik cizgilərini əks etdirməklə çox tərbiyəvi əhəmiyyət daşıyırdı və bu qadınlar öz hüquqları uğrunda mübarizə aparan insanlardır. Nəcibə Məlikova özünəməxsus yaradıcılıq yolu olan bir sənətkar idi.
Özü də həmişə gözəl qadınların obrazını ona həvalə edirdilər. Kinoda onun çox qiymətli rolları bizə yadigar qalıb. İlk dəfə onu Fətəli xan filmində çəkmişdilər. Bu ekran əsəri tarixi hadisələri əks etdirməklə, həm də qadınlarımızın o dövrdəki həyat şəraitini bizə aydın şəkildə çatdırır.
   1950-ci ildə Bakının işıqları filmində oynayan aktrisa, nəhayət ki, kinoda ən böyük rolunu 1959-cu ildə Ogey ana filmində yaratdı. Ögey ana Dilarə rolu bizim kinomuzun ən layiqli qadın qəhrəmanlarındandır. Dilarə xanımın rastlaşdığı şərait mürəkkəb, münaqişəli bir həyatdır. O, uzaq kəndlərdən birinə gəlməli olub. Özü ilə qızını da gətirib. Həyat qurduğu insanın da bir övladı var. Belə hadisələrlə əslində tez-tez qarşılaşırıq. Ancaq bu tipik ögey ana hər cür ağrılara, təhqirlərə dözərək taleyini qorumaq istəyir. Yerli-yersiz təhqirlər, balaca İsmayılın ərköyünlüyü, ətrafdakıların təzyiqləri Dilarə xanımı nə qədər sıxıntı içərisində saxlasa belə, o, ailəsini qorumağa çalışır. O, kənddə camaatın hörmətini qazanır, həkim kimi xəstələrin qayğısına qalır. Və bütün bunlar onu əsl müsbət qəhrəman səviyyəsinə qaldırır. Sonda İsmayılın ona Ana deyə müraciət etməsi filmin kulminasiyasını təşkil edir və bu anda aktrisanın sifətindəki xoşbəxtlik ifadəsi tamaşaçını həyəcanlandırır və o qəhrəmanın qələbəsindən bir növ qürur duyur.
Nəcibə Məlikova Aygün filmində də baş qəhrəmanın rolunu oynayır. Nədənsə, mən Aygünlə Dilarə arasında bir tale oxşarlığı görürəm. Bu, bəlkə də, onların hər ikisini eyni aktrisanın ifa etdiyindən yaranan hissdir, ancaq əslində belə bir yaxınlıq var. Amma bu o demək deyil ki, aktrisa ampluadan çıxa bilməyib. Onun qəhrəmanları arasında Əhməd haradadır? filmindəki Nərgiz xala kimi çox gözəl bir obraz da var ki, bu rol kinomuzda bütövlükdə yeni qəhrəmandır və demək olar ki, film bütövlükdə bu obraz ətrafında cərəyan edir.
   Nəcibə xanım Nərgiz xalanı sevərək yaradıb. O, kənddə yaşasa da dünyanın gərdişindən baş çıxaran, çevik, ağıllı qadındır. Nəcibə xanım onun xarakterini məharətlə açır, onu sevdirir.
   Nəcibə xanım Arşın mal alan (II variant) filmindəki xala rolunda çəkilib. Bu obrazı bizim kinoda əvvəlcə Münəvvər Kələntərli yaratmışdı. Həm də çox uğurlu qəhrəman idi. Nəcibə xanımın qəhrəmanı bir qədər fərqli olsa da, Üzeyir sənəti ruhuna uyğun idi. Aktrisa xala obrazını çox məharətlə ifa etmişdi.
Kinoda bir mənfi rolu var Nəcibə xanımın. Zərintacı yəqin ki, xatırlayırsınız. Bu qadın təsir altına düşmüş, aldadılmış bir obrazdır. Qanun naminə filmində demək olar ki, Nəcibə xanım özünün yeni yaradıcılıq qabiliyyətini üzə çıxardı.
Nəcibə xanım 1974-cü ildə xalq artisti fəxri adı almışdı. O, bu xalqın aktrisası idi, xalq onu sevirdi. Nə qədər qızlarımız onun qəhrəmanlarından ad alıb. Nəcibə xanım milli aktyor sənətimizin çox istedadlı sənətkarlarından idi. Onun yaratdığı Azərbaycan qadınlarının obrazları bu gün də filmlərimizdə yaşayır.
   Nəcibə Məlikova 1951-ci ildə Bakıdakı Milli Dram Teatrında işə başlayıb. 1959-cu ildə "Ögey ana" filminə çəkilib. Dilarə obrazına görə qazandığı müvəffəqiyyət əməkdar artist fəxri adı ilə nəticələnib. 1974-cü ildə isə Nəcibə Məlikova respublikanın xalq artisti fəxri adına layiq görülüb. Nəcibə Məlikovanın yaradıcılığı iki istiqamətdə uğurla davam edirdi. O, bir tərəfdən səhnədə müxtəlif xarakterli obrazlar yaradır, digər tərəfdən də bədii filmlərə çəkilirdi. Xarici ölkə ədibləri ilə yanaşı, Azərbaycan dramaturqlarının tamaşaya qoyulan əsərlərində Nəcibə xanım böyük həvəs və məharətlə iştirak edirdi. Teatr tədqiqatçıları təsdiqləyərdilər ki, Nəcibə Məlikova Mirzə Fətəli Axundovun, Səməd Vurğunun, Hüseyn Cavidin, Ordubadinin, İlyas Əfəndiyevin... pyesləri əsasında hazırlanmış tamaşalarda yaddaqalan, ürəyəyatan maraqlı qadın obrazları yaradıb. Adamın inanmağı gəlmirdi ki, səhnədə gah quzu təbiətini, gah da çoxbilmiş qadın hiyləsini bacarıqla tamaşaçıya çatdıran eyni aktrisa - Nəcibə Məlikovadır. Kino tariximizdə də onun xidmətləri çoxdur. Yazımızda adını çəkdiyimiz filmlərlə yanaşı, "Fətəli xan", "Bakının işıqları", "Arşın mal alan", "Qanun naminə", "Teymurləng" və s. kinofilmlərdə sevimli aktrisamız yaddaqalan obrazlar yaradıb. Zamanın şaxtalı illəri onun həyatında ağır izlər qoysa da, Nəcibə xanım içindən gələn bir qadın məğrurluğu ilə sanki qəsdən kədərdən, qəmdən xəbərsiz görünürdü. Bu dünyanın ən bəxtəvər adamı kimi özgələrinin fikir və duyğularını içindən keçirərək aktrisa taleyini yaşayırdı. Bircə gözlərinin dərinliyində o böyük kədərin nişanələri duyulurdu. Böyük ürəyi vardı. Çalışırdı ki, hamıya yaxşılığı dəysin. Taleyin bütün ağrı-acılarının acığına xasiyyətcə də mülayim və mehriban idi.
Boy-buxunu, yaraşığı ilə seçilən, yüksək səhnə mədəniyyətinə malik olan, aydın, yumşaq səsi ilə tamaşaçını valeh edən Nəcibə xanım ancaq baş rollara dəvət edilirdi. O, bu obrazları elə yaradırdı ki, tamaşaçı az qala çaş-baş qalırdı. Bilmirdi ki, obraza görə Nəcibə xanımı sevir, yoxsa aktrisaya görə rola məftun kəsilib. Nəcibə xanım hələ sağlığında qəlblərdə özünə əbədi heykəl qoyan müqtədir qadın sənətkarlarımızdan biri idi.

Teatr sahəsində rolları:
Estreliya (Sevilya ulduzu, Lope de Vega)
Xuraman (Vagif, S.Vurğun)
Sofiya İvanovna (Zıkovlar, M.Qorki)
Safiya xatun (Qılınc və Qələm, M.Ordubadi)
Oqudalova (Cehizsiz gız, A.Ostrovki)

Kino sahəsində rolları:
Fətəli Xan
Bakının işıqları
Ögey ana
Aygün
Məhəbbət dastanı
Əhməd Hardadır
Arşın mal alan
Qanun naminə






xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

AzeriArt.Net Team

Copyright 1998-2006 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: webmaster@azeriart.net