Faşizm üzərində qələbə Bitlz qrupu yarandı Bəhram Gur - 1959-cu ildə Bakıda tuncdan tökülmüş ilk abidə Kosmosa ilk insan uçuşu Metronun tikintisinə başlanıldı "Gün keçdi" filmi, Azərbaycanfilm-1971

 

Olimpiada- 80

 
'

 

Gənclər və tələbələr festivalı


Ana Səhifə


Keçmişə səyahət

  Yeniliklər     Musiqi     Kino     Tanınmışlar     Forum  
BİZİM MUSİQİ

Murtuza Məmmədov (Bülbül)

Ətraflı...
BİZİM KİNO

Sevimli Mahnı Azərbaycanfilm-1955

Ətraflı...
BƏSTƏKARLAR

Üzeyir Hacıbəyov
Koroğlu operası

Ətraflı...
AKTYORLAR

Ələsgər Ələkbərov Böyük Dayaq

Ətraflı...
TANINMIŞLAR

Səməd Vurğun
Ovçu insaf elə...

Ətraflı...
REJİSSORLAR

Səməd Mərdanov Kəndlilər filmi

Ətraflı...



bizimlə əlaqə


Email adresiniz

Adınız


 

AKTYORLAR

  Məmmədrza Şeyxzamanov
 

   Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 2 yaşında ikən atasını itirib. Və o andan etibarən ailənin bütün yükünü anası Böyükxanım çiyinlərində daşımalı olur. 1917-ci ilə qədər evdar qadın olan anası inqilabdan sonra Gəncədəki toxuculuq fabrikində işləməyə başlayır. Bununla da evinə çörək pulu qazanır. Mənəvi xəzinəmiz olan Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurun dediyinə görə, 1918-20-ci illərdə mövcud olan 23 aylıq cümhuriyyətimiz süquta uğrayandan sonra müstəqillik tərəfdarları arasında aparılan təmizlənmələr Şeyxzamanovlar nəslinə də əlini çəkir. Məmmədrzanın məmur babası Nağı Şeyxzamanov və yaxın qohumları repressiyaya məruz qalırlar. Bu da ailənin bəxtinə, taleyinə kədərli bir iz salır. Onlar hər xırda şeylərə görə təqiblərə məruz qalır, olmazın çətinliklər və problemlərlə üzləşirdilər. Bu çətinliklər Məmmədrza Şeyxzamanovun sənətində də az-çox özünü biruzə verməkdə idi. Ona layiq olduğu xalq artisti adını da çox sonralar, 1974-cü ildə verdilər. Bunların hamısını Maarif Teymura Məmmədrza Şeyxzamanovun özü danışmışdı...
   1929-cu ildə ibtidai məktəbi bitirən Məmmədrza orta məktəbə daxil olur. O, müəllimlər və şagirdlər arasında istedadı, tərbiyəsi, savadı və biliyi ilə fərqlənirdi. Aktyorluq sənətinə olan maraq və həvəs isə hələ məktəb illərində öz toxumlarını səpməkdə idi. Ona görə də orta məktəbdə oxuya-oxuya teatr studiyasına daxil olur. 1934-cü ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə teatra dəvət edilir. İlk dəfə Ə.Həmidin Hind qızı tamaşasında Brahma adlı kiçik rolda çıxış edir. Bu, gələcək aktyorun professional teatr səhnəsinə, sənət zirvəsinə doğru aparan yolda atdığı ilk müvəffəqiyyətli addımı olur. Teatrda işləyərkən peşəkar yaradıcılıq tələbləri ilə tanış olur, Azərbaycanda aktyorluq sənətinin gözəl ənənələrini mənimsəyir. Çalışdığı dövrdə Vaqif (Eldar), Fərhad və Şirin (Fərhad), Yaşar (İmamyar), İki qardaş (Yuri) və digər tamaşalarda yaddaqalan obrazlar yaradır. 1954-cü ildə Mədəniyyət Nazirliyinin əmrilə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayır. Və elə o vaxtdan etibarən də sənət yolundakı yaşıl işığı daha da gur yanmağa başlayır. Yaratdığı müxtəlif səpkili obrazlarla daha çox tanınır və sevilir. Teatrda Göz həkimində Şahbazov, Qış nağılında Poliksen, Fərhad və Şirində Xosrov, Vaqifdə Qacar, Otelloda Otello, Aydında Aydın, Qaçaq Nəbidə Qaçaq Nəbi, Vaqifdə Eldar kimi bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradır. Rollarını o qədər böyük aktyorluq məharəti ilə ifa edirdi ki, obrazın xarakterini aça bilirdi. Bunları azman aktyorumuz, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Əliabbas Qədirov xatırlayır. Deyir ki, Məmmədrza Şeyxzamanov çox cazibədar və nadir aktyor olub. Onun səslər içində seçilən, əsl səhnə və kino səsi vardı. Elə bir səs ki, kimə məxsus olduğu zamanındaca bilinirdi. Onlar Mahnı dağlarda qaldı, İblis, Zamanın hökmü və digər tamaşalarda tərəfmüqabilləri kimi çıxış ediblər. Məmmədrza Şeyxzamanov qəhrəman obrazlarını, komik rolları daha məharətlə ifa edirdi. Buna baxmayaraq, müxtəlif xarakterli, müxtəlif səpkili obrazların öhdəsindən də bacarıqla gəlirdi. Çünki hərtərəfli inkişaf etmiş aktyor idi. Həyatda da o, təkrarolunmaz və xaraktercə mətin, zəngin dünyagörüşə malik bir şəxsiyyət olub. Mərd idi. Heç kimdən qorxmazdı. Ürəyindən keçən sözü üzə deyərdi, arxaca danışmazdı. Düzlüyü çox sevirdi. Kimliyindən asılı olmayaraq, həmişə həqiqətin tərəfdarı olardı. Elə üzünə baxanda görünürdü ki, yerini bilən adamdır. Şit, yersiz zarafatları xoşlamırdı. Amma yaxın adamları, yoldaşları arasında duzlu, məzəli zarafatları da əskik olmazdı. Bir sözlə, o, əsl Azərbaycan kişisinin tipik nümunəsi idi.
   Məmmədrza Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə çıxır. Bəxtiyar filmində Şahbazov rolu ilə. Bununla da kino yolunda ilk uğurlu cığırı açılır. Daha sonra Cəfər Cabbarlı adına Azərbaycanfilm Dövlət Kinostudiyasının istehsal etdiyi filmlərin çoxunda çəkilir. Müxtəlif illərdə Qızmar günəş altındada Alı kişi, Leyli və Məcnunda Dərviş, Bir qalanın sirrində həkim Eldostu, Onu bağışlamaq olarmıda polkovnik Qurbanov, Qatır Məmməddə Gəncə qubernatoru, Nəsimidə Şeyx Əzəm kimi obrazlar yaradır.
1963-cü ildə böyük sənətkarımız Adil İsgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi musiqili komediya filmində - Əhməd haradadırda Şirin kişi rolunda çıxış edir. Əhməd haradadır filmi Azərbaycanın sənət rəmzi sayılan Adil İsgəndərovun quruluşçu rejissor kimi çalışdığı yeganə film olub. Hələ Akademik Dram Teatrının direktoru vəzifəsində çalışarkən Sabit Rəhman, Səməd Vurğun, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı kimi yazıçı-dramaturqlarla yaxından tanış idi, müdir təyin olunandan sonra da bu dostluq əlaqələri davam edirdi. O zaman ekranlaşdırılması üçün kinostudiyanın papkasında bir neçə əsər saxlanılırdı. Lakin Adil İsgəndərovun Əhməd haradadır xoşuna gəlir və ona kino çəkməyi qərara alır. Filmdəki rolları ifa edəcək aktyorları isə rejissor özü seçir. O, Nəcibə Məlikova, Məmmədrza Şeyxzamanov, Mustafa Mərdanov, Əliağa Ağayev, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu kimi tanınmış sənətçilərlə yanaşı Səyavuş Rəfiyev, Töhfə Əliyeva, Səyavuş Aslan, Novruz Axundov, Eldəniz Zeynalov... kimi gənc aktyorları da çəkir. O zaman Azərbaycanın kino tarixində ilk dəfə olaraq 5 aktyoru təyinatla kinostudiyaya göndərirlər. Onları - Xamis Muradov, Elxan Qasımov, Tofiq Məmmədov, Əbdül Mahmudbəyov və Fikrət Əliyevi Adil İsgəndərovun beşliyi adlandırırdılar. Rejissorun təşəbbüsü ilə bu beşlik filmdə epizodik rollarda, kütləvi səhnələrdə iştirak edir, rejissor, assisent köməkçisi kimi çalışırdılar. Elxan Qasımov isə sürücü Əhməd obrazını yaradır. Filmin çəkilişləri Bakıda, Gəncədə, Göy-göldə, Şamxorda və Hacıkənddə aparılırdı. Bütün rəqs səhnələri və Bəşir Səfəroğlunun iştirak etdiyi kadrlar Yaşıl teatrda çəkilirdi. Əbdül Mahmudbəyov xatırlayır ki, filmdə Azərbaycanın azman sənətkarları ilə çiyin-çiyinə çalışdıqları üçün fəxr edir, onlardan sənətin sirlərini öyrənməyə can atırdılar. Onda Məmmədrza Şeyxzamanovun sənəti ilə bahəm şəxsiyyəti də onu heyran etmişdi. Böyük aktyor, maraqlı insan olan Məmmədrza Şeyxzamanov əsl teatr və kino xadimiydi. O, elə sənətkarlardan idi ki, böyüklüyündən, peşəkarlığından istifadə edərək heç bir tələb irəli sürməzdi. Rahat və yaradıcı sənətkar olduğundan onunla çalışmaq asandı və hamıya xoş təsir bağışlayırdı. Ümumiyyətlə, səxavətli, qəlbi təmiz, ürəyi açıq insan olub Məmmədrza Şeyxzamanov. O, hamıyla öz dili ilə danışırdı. Böyüklə böyük, uşaqla uşaq kimi rəftar edərdi. Yaxınları, dostları və tanışları arasında isə bir ləqəbi vardı - Yaxşı kişi.
   1976-cı ildə Məmmədrza Şeyxzamanov daha bir yaddaqalan obrazını yaradır. Rasim Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi Tütək səsi filmində İsfəndiyar kişi rolunda çıxış edir. Ümumiyyətlə, yumşaqlıq, kövrəklik, humanistlik və sülhsevərlik Məmmədrza Şeyxzamanovun xasiyyətinə xas olan cəhətlərdən idi.

Teatr sahəsində rolları:
Xosrov (Fərhad və Şirin, S.Vurğun)
Şahbazov (Göz həkimi, İ.Səfərli)
Edqar (Antoni və Kleopatra, V.Şekspir)
Nəbi (Qaçaq Nəbi, S.Rüstəmov)

Kino sahəsində rolları:
Sevimli mahnı
Qızmar günəş altında
Bir qalanın sirri
Bizim Cəbiş müəllim
Tütək səsi
Nəsimi
Əhməd Hardadır






xatırlayırsınızmı?

60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...

AzeriArt.Net Team

Copyright 1998-2006 Sabuhi Novruzov
All Rights Reserved
E-mail: webmaster@azeriart.net