Onunla bir yerdə çalışanlar, dostları,
tələbələri, bir sözlə, bu nəhəng sənət fədaisi ilə təmasda olan bütün
insanlar Adil İsgəndərov haqqında xoş xatirələr danışırlar. Doğrudan
da, Adil müəllim işıqlı insan idi. Özü işıqlı olduğu kimi, uzun illər
teatr, kino sənətimizin də yoluna işıq saçmış, respublikamızda bu
incəsənət sahələrinin inkişafı üçün böyük məktəb yaratmışdı. Bu gün
həmin sahələrin yükü də elə onun məktəbinin yetirmələrinin
çiyinlərində qərar tutub. 40 ilə yaxın teatrımızın, ekran sənətimizin
inkişafına xidmət etmiş bu fenominal şəxsiyyət bütün yaradıcı
fəaliyyətini milli-mənəvi dəyərlərimizin qorunmasına yönəldib. Adil
müəllim bütün ruhu ilə azərbaycanlı idi, o, bu xalqı sevirdi və
yaratdıqları da xalqın ruhundan güc alırdı.
Adil İsgəndərov 95 il əvvəl, 1910-cu il baharın təravətli
günlərindən birində — mayın 5-də Gəncədə dünyaya göz açmışdı. Bəlkə
ona görə idi ki, ruhunda, qəlbində bir bahar ovqatı var idi. Ağır
təbiətli idi, ancaq həmişə qeyri-adi, özünəməxsus zarafatları ilə
insanlara xoş ovqat bəxş etməyi sevərdi. Sənət adamları ona “Ədil
müəllim” deyə müraciət edirdilər. Zabitəli insan idi. Onunla təmas
yaratmaq o qədər də asan deyildi, ancaq dostları, yaxınları deyirdilər
ki, Adil müəllimə yaxınlaşdınsa, ondan aralanmaq da müşkül işə
çevrilir. “Köhnə kişilər”in təbiəti var idi onda. Elə kinoda rol
seçəndə də, görünür təbiətindəki bu ştrixləri nəzərə alırdı.
Adil müəllim Teatr Texnikumunu bitirmişdi, sonra isə A. V. Lunaçarski
adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil almışdı. Ustəlik
Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçmişdi. Buna
baxmayaraq, bütün yaradıcı ruhuna milli klassik teatr ənənələri hakim
idi.
1936-cı ildə Akademik Dövlət Teatrına qədəm basan Adil İsgəndərov
çox keçmədi bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçildi
və 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaratdı. Heç
təsadüfi deyildi ki, o vaxtlar bu sənət ocağını “Adil İsgəndərov
teatrı” adlandırırdılar. Rejissor debütü olan “Polad qartal” (1936)
tamaşası sənət adamlarında, tamaşaçılarda əsil heyrət doğurmuşdu.
Aydın hiss olunurdu ki, teatra əsil sənətkar gəlib. Ona görə də
bir-birinin ardınca Adil İsgəndərov “Platon Kreçet”, “Həyat”, “Vaqif”
tamaşalarına quruluş verdi. “Vaqif” milli teatr tariximizdə ən uğurlu
tamaşalardan idi. Bu tamaşa bizim teatr tarixində əlamətdar hadisəyə
çevrildi. Tamaşa Bakının mədəni mühitində yeni bir oyanış yaratmışdı.
O dövrü xatırlayanlar deyirlər ki, bu tamaşaya düşmək əslində
qəhrəmanlıq idi. Teatr aylarla anşlaq tamaşalar göstərirdi. Bəlkə də,
bu möhtəşəm sənət ocağı öz tarixində bu qədər qələbəlik görməmişdi.
Beləcə, Adil İsgəndərovun sənətə gəlişi ilə ölkəmizin teatr
həyatında yeni coşğun bir mühit formalaşmağa başladı. Bu, ənənəvi
teatr deyildi. Hər şeydə yenilik var idi. Dekorasiyalar da, aktyor
oyunu da, ümumi kompozisiya quruluşu da klassik ənənələrin yeni
formada təqdimatı kimi çox maraqlı bir mənzərə yaratmışdı. Ələsgər
Ələkbərovun şaqraq səsi bu quruluşa özünəməxsus bir ovqat gətirirdi.
Sonralar Adil müəllim bu tamaşanı ekranlaşdırmaq da istəmişdi. Hətta
kinossenari də hazırlanmış, lakin bəzi səbəblər ucbatından əsər
ekranlaşdırılmamışdı.
Adil İsgəndərovun tamaşaları öz orijinallığı, monumentallığı ilə
fərqlənirdi. “Xanlar”, “Fərhad və Şirin”, “Aydın”, “1905-ci ildə”,
“Dumanlı Təbriz”, “Şərqim səhəri”, “Otello”, “Türkiyədə” və s.
əsərləri tamaşaya qoyan bu istedadlı rejissor səhnəyə həmişə yeni
nəfəs, yeni ruh gətirirdi. Adil müəlliminin tamaşaları həmişə
teatrsevərlərin ürəyincə olardı. Adil İsgəndərovun rejissor kimi
başlıca xüsusiyyətlərindən biri də tamaşalara aktyor seçmək məharəti
idi. Adicə görüşdən aktyorun obraza uyğun gəlib-gəlmədiyini müəyyən
edə bilirdi. Aktyorların yaradıcılıq potensialına çox yaxşı bələd idi.
Bu böyük sənətkar həm də güclü təşkilatçı idi. İnsanlarla dil
tapmağı bacarırdı. Teatrda direktor işlədiyi illərdə tamaşaların
keyfiyyəti yüksəldi, repertuarı zənginləşdi. O dövrün aktyorları
xatırlayırdılar ki, Adil İsgəndərovun direktor olduğu illərdə Akademik
Dram Teatrdı saat mexanizmi kimi işləyirdi. Və yəqin ki, onun bu
qabiliyyətini nəzərə alıb C. Cabbarlı adına “Azərbaycanfilm”
kinostuduyasına direktor (1966–1974) təyin etdilər.
1966-cı ilə qədər Adil müəllim kinoda aktyor kimi işləmişdi. İlk dəfə
Hüseyn Seyidzadə Adil İsgəndərova “O olmasın, bu olsun” filmində qoçu
rolunu vermişdi. Əslində bu çox kiçik, epizodik bir roldur və filmdə
biz onu bircə dəfə görürük. Bazar səhnəsində onun görünməsi ilə filmə
xüsusi bir ovqat gəlir. Onun aktyor ifaçılığında bir bütövlük var.
Oynadığı rollar həmişə öz koloriti ilə diqqəti çəkir.
1958-ci ildə “Uzaq sahillərdə” (Rej. Tofiq Tağızadə) filmində
sahibkar Rosselininin rolunu necə böyük istedadla yaradıb. Bu obraz da
o qədər böyük deyil, ancaq nədənsə tamaşaçı bu epizodu həmişə
səbirsizliklə gözləyir. “Qara daşlar”, “Məhəbbət dastanı” filmlərində
də onun ifa etdiyi qəhrəmanlar öz milli koloriti ilə tamaşaçı
diqqətindən yayınmır. Kinostudiyaya rəhbər təyin edildiyi ilk ildə Ə.
İbrahimovun “26 Bakı komissarı” filmndə çəkildi. Ancaq kinoda aktyor
kimi onun ən uğurlu işi “Axırıncı aşırım” filmində yavratdığı
Kərbalayı İsmayıl idi. Bu obraz mürəkkəb tarixi dövrün qəhrəmanı idi.
Sovet hakimiyyətinin qələbəsindən sonra Azərbaycanın ucqar
əyalətlərində baş verən dəhşətli hadisələrin mərkəzində dayanan
Kərbalayı hər şeyini itirmək təhlükəsi ilə üzləşib. Torpaqları, var-dövləti
ilə yanaşı, ləyaqətinə, şəxsiyyətinə də təcavüz edilən Kərbalayı yeni
cəmiyyətə müharibə elan edir. Abbasqulu bəyin “elçi” kimi onu barışığa
çağırması belə, Kərbalayı İsmayılı bu yoldan döndərə bilmir. O, yeni
cəmiyyətlə barışmaq istəmir. Nəticə isə çox acınacaqlı olur. Nə qədər
insanlar tələf olur, evlər, ailələr dağılır. Bu rolda da, o, bütövdür,
obrazın bütün çalarlarını tamaşaçıya ustalıqla çatdırır və əsil
azərbaycanlı kişi obrazı yaradır. Bu obrazı bütün film boyu
tamaşaçının gözündə ucaldır. O əyilmir, hətta, ən ağır anlarda belə öz
kişilik qürurunu saxlamağı bacarır. Kərbalayı haqq-salamı itirən adam
da deyil. Qəmlonun şıltaqlıqları belə onu öz yolundan döndərə bilmir.
Adil İsgəndərov bu roluna görə Ümummitifaq festivalının “kişi
rolunun ən yaxşı ifasına görə” nominasiyasının qalibi olmuşdu. Bu
aktyorun yaratdığı obrazlar içərisində “Qanun naminə” filmindəki
Kamilov xüsusi qeyd edilməlidir. Kamilov rayonda İcraiyyə Komitəsinin
sədridir. Əslində mənfi tipdir. Adil İsgəndərov bu rolu o qədər təbii,
o qədər səmimi ifa edir ki, tamaşaçı onun istedadına valeh olur.
“Arxadan vurulan zərbə” filmindəki prokuror Dadaşlı rolu bu aktyorun
böyük istedad sahibi olduğunu bir daha təsdiqlədi. Bu, onun kinoda son
aktyor işi idi.
Adil İsgəndərovun kino aktyorluğunda çox aydın sezilən bir səmimiyyət
var. Onu tamaşaçıya sevdirən də elə istedadla səmimiyyətin vəhdətidir.
Adil İsgəndərovun portretində bir mühüm ştrix də unudulmamalıdır.
Bu da onun kinorejissor kimi fəaliyyətidir. “Əhməd haradadır?” bu
böyük sənətkarın quruluş verdiyi yeganə filmdir. Bu filmdə isə o,
rejissor kimi səmimidir. Tamaşaçı onun səmimiyyətini hər kadrda duyur.
O istəyirdi ki, azərbaycanlılar öz obrazlarını kinoda da olduğu kimi
görsünlər. O, təbiətcə kosmopolitlikdən çox-çox uzaq idi. Film boyu
tamaşaçını xoş bir ovqat müşayiət edir. Onun qəhrəmanları əsil
azərbaycanlılardır. Hadisələr çox məzəli bir süjet üzərində
qurulmuşdur və tamaşaçı film boyu bu insanların taleyini maraqla
izləyir. Adil müəllim burada da çox maraqlı aktyor ansamblı seçə bilib.
Azərbaycan aktyorluq sənətinin Mustafa Mərdanov, Nəcibə Məlikova,
Lütfəli Abdullayev, Məmmədrza Şeyxzamanov, Bəşir Səfəroğlu kimi
korifeyləri filmdə maraqlı rollarda çəkilmiş və ona xüsusi təravət
gətirmişlər.
Adil İsgəndərovun yaradıcı irsi doğrudan da əsil məktəbdir. Və bu
məktəbin yetirmələri hələ neçə-neçə illər kinomuzu, teatrımızı
yaşatmaq qüdrətinə malikdirlər.
68 il ömürlüyünün 42 ilini sənətə həsr etmiş bu qüdrətli sənətkarın
xatirəsi bizim üçün həmişə əziz və doğmadır.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...