Vaqif Mustafazadə


    Ömrün son akkordları. Onun qeyri-adiliyi fonunda zaman geriyə işlədi. O isə milyonlarla insanın içindən gələn azadlıq yanğısını hamıdan tez duydu, hamıdan qabaq üsyan elədi. Onun bu qeyri-adiliyi nədə idi? Hər şeydən öncə o doğulduğu İçərişəhərə hamı kimi baxmadı. Keçmişin qaranlıq tarixini, sirlərini, şirin nağıllarını əsrlərlə özündə gizləyib saxlayan bu qədim qara daşları oxuya bildi. Vaqif üçün İçərişhərin özünəməxsus həniri, minbərlərdən ucalan dua səsləri, dənizin bəzən pıçıltıya dönən, bəzənsə guruldayan ləpələri, daha nələr adi səslər olmadı. Və Vaqif İçərişəhərin qərinələrdən süzülüb gələn yeknəsək səslərini əsrin ən müasir musiqisinin ilk akkordlarına çevirdi. Təbii ki, İçərişəhərin bütün səsləri ilə yanaşı bu akkordlar sovet məhbəsi adlana bilən bir məmləkətdə azadlığa təşnə insanın arzularının, istəklərinin, üsyanının sədası idi. Beləcə məkanın mühafizəkar səsləri ilə zamanın azad çğırışının, keçmişlə gələcəyin, Şərqlə Qərbin harmoniyasından yeni bir simfoniya, muğamla cazın sintezi yarandı. Vaqif Mustafazadə bir çox ansambl yaratmışdır."Qafqaz", "Sevil" (1971) və "Leyli" (1979) Vaqif sözün əsl mənasında musiqiçi ailəsində dünyaya göz açıb. Atası Əziz hərbçi olsa da, musiqi ilə son dərəcə bağlı bir insan idi, gözəl tar çalmağı bacarırdı. Anası Zivər xanım isə ilk azərbaycanlı pianoçu qadınlardan biri olub. Üzeyir bəy Hacıbəyov məktəbinin yetirməsi olan Zivər xanım gözəl pianist olmaqla yanaşı, muğamı bütün incəliyi ilə bilirdi. Belə bir ailədə böyüyən Vaqifin talantı, musiqiyə olan qeyri-adi bağlılığı qətiyyən təəccüblü deyildi. Bu fərqi hamıdan tez anası Zivər xanım duyur. Bu haqda Zivər xanım xatirələrində belə yazırdı: "Hələ Vaqfin beş yaşı olanda bir dəfə ona Səməd Vurğunun "Vaqif" poemasından bir parça oxudum. Üstündən bir qədər keçməmiş balaca Vaqif həmin parçanı olduğu kimi əzbərdən dedi. O zaman hiss etdim ki, Vaqif böyüyəndə qeyri-adi bir insan olacaq. Sonralar onun piano arxasında saatlarla çalışması mənim ümidlərimi doğrultdu".

Geri Davam?